AZƏRBAYCAN QAÇQINLAR CƏMİYYƏTİ VƏ QƏRBİ AZƏRBAYCAN İCMASININ QONDARMA ERMƏNİ SOYQIRIMI İLƏ BAĞLI BƏYANATI

azrbaycan-qacqinlar-cmiyyti-v-qrbi-azrbaycan-icmasinin-qondarma-ermni-soyqirimi-il-bagli-byanati-24042009

AZƏRBAYCAN QAÇQINLAR CƏMİYYƏTİ VƏ QƏRBİ AZƏRBAYCAN İCMASININ QONDARMA ERMƏNİ SOYQIRIMI İLƏ BAĞLI BƏYANATI

Əsas proqram məqsədi terrorçuluq olan erməni daşnak partiyasının terror ideyalarını ilk gündən özünün dövlət ideologiyasına çevirən Ermənistan dövləti artıq xeyli vaxtdır ki, qondarma erməni soyqırımı məsələsi ilə hər il siyasi manipulyasiya edir. Əslində, bununla ermənilər bir tərəfdən 1915-1920-ci illərdə – Birinci Dünya müharibəsi dövründə və ondan sonrakı ilk illərdə Türkiyədə, İranda və bütün Qafqazda türk-müsəlman əhaliyə qarşı törətdikləri kütləvi soyqırımı cinayətlərini ört-basdır etməyə çalışır, digər tərəfdən dünyanın gözünü pərdələyərək öz cinayət əməllərini davam etdirir. Məsələnin qeyri-hüquqi mahiyyətini gözardı edən bəzi dünya dövlətləri isə hələ də bu məsələdən öz subyektiv siyasi məqsədləri, Türkiyə Cümhuriyyətinə və qardaş türk xalqına qarşı təzyiq vasitəsi kimi istifadə edirlər.
Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcması olaraq, qondarma erməni soyqırımı ətrafındakı bu çirkin oyunları qətiyyətlə pisləyir və bəyan edirik ki, əsl soyqırımı 105 il bundan əvvəl ermənilərə qarşı yox, əksinə, son iki yüz il ərzində regiondakı türk-müsəlman əhaliyə və digər yerli xalqlara qarşı ermənilər tərəfindən törədilmişdir. Bu barədə çoxlu tarixi faktlar, arxiv materialları, sənədlər, sübutlar vardır.
 

Hələ XIX yüzilin əvvəllərində tarixi Azərbaycan ərazisinin çar Rusiyası və Qacar İranı arasında ikiyə bölünməsi Azərbaycanın çar Rusiyası tərkibinə qatılan şimal torpaqlarına zaman-zaman qonşu ölkələrdən çoxlu sayda yadelli erməni əhalinin köçürülüb gətirilməsi, yerli azərbaycanlı əhalinin sıxışdırılması, dəfələrlə soyqırımı və deportasiyalara məruz qalması və əzəli Azərbaycan torpaqlarında tarixdə ilk erməni dövlətinin yaradılması ilə nəticələnmişdir. 1918-1920-ci, 1948-1953-cü, 1988-1991-ci illərdə indiki Ermənistan ərazisində yüz minlərlə yerli azərbaycanlı əhali ermənilər tərəfindən ən vəhşi üsullarla qətlə yetirilmiş, yaşayış məntəqələrinə od vurulub yandırılmış, dinc əhali ata-baba yurdlarından zorla qovulmuşdur. Bütün bu cinayətlərə görə cəzasız qalan ermənilər bu gün Azərbaycan ərazisinin daha 20 faizini işğal altında saxlayır, bir milyondan çox əhalimiz yurd-yuvasından didərgin salınmışdır. Bu tarixi cinayətin altında təkcə terrorçu Ermənistan dövlətinin yox, bu gün bu terrorçu dövləti durdurmayan, onu ərzaqla, yanacaqla, silahla, pulla təmin edən, onunla siyasi, iqtisadi, ticari, turistik əməkdaşlıq edən bütün dünya dövlətlərinin imzası durur.
 

Biz, son iki yüz ildə Qərbi Azərbaycan (indiki Ermənistan) ərazisindəki tarixi torpaqlarından qovulmuş, dünyanın bir çox ölkələrinə səpələnmiş milyonlarla insanı təmsil edən təşkilat – Azərbaycan Qaçqınlar Cəmiyyəti və Qərbi Azərbaycan İcması olaraq tarixi ədalətin bərpa olunmasını, insanların öz ata-baba yurdlarına qaytarılmasını tələb edirik. Necə olur ki, demokratiyadan dəm vuran böyük dövlətlər 105 il bundan əvvəl dünya müharibəsi gedişində guya zərər çəkmiş bir ovuc erməninin hüququnu tələb edə bilir, amma cəmi 30 il əvvəl dünyanın gözü qarşısında indiki Ermənistan deyilən tarixi Azərbaycan torpağındakı öz isti ocağından qəddarlıqla qovulmuş yüz minlərlə insanın tarixi faciəsini görmür. Bu siyasi riyakarlıq nə qədər davam edəcək? 1988-1991-ci illərdə Ermənistandan qovulan qaçqınların böyük bir hissəsi bu gün hələ də sağdır, hələ də öz evlərinə qayıtmaq ümidi ilə yaşayırlar. Onların əlləri ilə tikdikləri evlər, doğmalarının məzarları hələ də sahiblərinin yolunu gözləyir.
 

Ermənilərin 105 illik yalanlarının ardınca qaçan dövlətləri bir dəfə də tarixi ədalətin yanında durmağa, qaçqınların, köçkünlərin doğma yurdlarına qayıtmasına dəstək olmağa çağırırıq.

 

Hibya Xəbər Agentliyi