Çin Rusiyadan infeksiya axınına qarşı mübarizə tədbirlərini gücləndirib

cin-rusiyadan-infeksiya-axinina-qarsi-mubariz-tdbirlrini-guclndirib-11042003

Çin Rusiyadan infeksiya axınına qarşı mübarizə tədbirlərini gücləndirib

Çinin Rusiya ilə həmsərhəd zonada yerləşən Suyfenxe şəhərində qonşu ölkədən gələn və koronavirus (COVID-19) daşıyıcısı olanların yerləşdirilməsi üçün xüsusi xəstəxana istifadəyə verilib.

Frame.az xəbər verir ki, xarici ölkələrdən Çinə COVID-19 infeksiyasının axınının qarşısını almaq üçün həyata keçirilən sərhəd karantin tədbirləri çərçivəsində istifadəyə verilən müvəqqəti xəstəxana 13 mərtəbəli ofis binasında yerləşib.

Son günlər Rusiyadan quru yolu ilə Çinə gələn şəxslərdə yoluxma hallarının aşkarlanması yerli hökuməti karantin tədbirlərini genişləndirməyə vadar edib. Belə ki, Suyfenxe şəhərinin aid olduğu Heyloncian vilayətində indiyədək xarici mənşəli 177 yoluxma faktı aşkarlanıb. Onların hamısı Rusiyadan gələn Çin vətəndaşlarıdır. Ötən sutka ərzində isə Rusiyadan gələn 22 nəfərin COVID-19 infeksiyasına yoluxduğu təsdiqlənib, virusa yoluxma şübhəsi ilə 5 nəfər, bir o qədər də asimptomik (heç bir əlaməti olmayan) xəstə aşkarlanıb. Elə Suyfenxe şəhəri yaxınlığında quraşdırılmış müvəqqəti xəstəxanada da 600-dək asimptomik xəstələr yerləşdiriləcək. Onlara 400 tibb işçisi xidmət göstərəcək. Bundan başqa, vəziyyəti orta və ağır olan xəstələr üçün əlavə xəstəxanalar ayrılıb. Rusiyadan quru yolu ilə gələn bütün şəxslərin nuklein turşu (RNT) testindən keçməsi və karantində qalması məcburidir. Xarici mənşəli yoluxma halları ilə mübarizə məqsədilə digər şəhərlərdən tibbi heyət Suyfenxeyə cəlb olunub.

Qeyd edək ki, Çin ilə Rusiya arasında əldə olunmuş razılığa əsasən iki ölkənin quru sərhədləri gediş-gəliş üçün bağlanıb. Sərhəd keçid məntəqələrindən yalnız Rusiyadan vətənə qayıtmaq istəyən Çin vətəndaşları buraxılır.

Hibya Xəbər Agentliyi