Azərbaycanın İndoneziyadakı səfirliyi koronovirus epidemiyası ilə bağlı bu ölkədəki vətəndaşlarımıza müraciət edib

azrbaycanin-indoneziyadaki-sfirliyi-koronovirus-epidemiyasi-il-bagli-bu-olkdki-vtndaslarimiza-muracit-edib-16032011

Azərbaycanın İndoneziyadakı səfirliyi koronovirus epidemiyası ilə bağlı bu ölkədəki vətəndaşlarımıza müraciət edib

Səfirlikdən bildirilib ki, səfirliyin akkreditə olduğu ölkələr - İndoneziya, Sinqapur, Filippin və Timor-Lestedə yaşayan, təhsil alan və müvəqqəti olaraq burada səfərdə olan vətəndaşlarımızın mümkün müraciətlərinin operativ şəkildə cavablandırılması məqsədilə “qaynar xətt” (Əlaqə telefonu: +6281295622297; +6281293596611) yaradılıb.

Səfirlik vətəndaşlarımızdan koronavirusdan səmərəli şəkildə qorunmaq üçün yaşadıqları ölkələrin müvafiq dövlət orqanlarının yaydığı məlumat və tövsiyələri diqqətlə izləməyi, şəxsi gigiyena, sanitar və digər qaydalara ciddi riayət etməyi, xüsusi zərurət olmadıqda ictimai nəqliyyatdan istifadəni məhdudlaşdırmağı və insanların kütləvi şəkildə toplaşdıqları ərazilərdən çəkinməyi, koronavirusa yoluxma ilə bağlı hər hansı şübhə və ya simptomlar yarandığı halda təcili tibbi müayinədən keçməyi xahiş edir.

Bununla yanaşı, səfirlik rəsmi veb-səhifəsinə və sosial şəbəkələrdəki hesablarına müvafiq məlumatları yerləşdirib və akkreditə olunan ölkələrdə yaşayan vətəndaşlar ilə operativ əlaqənin qurulması üçün ümumi “Whatsapp” qrupu yaradıb. Mütəmadi olaraq vətəndaşlarla əlaqə saxlanaraq, onlara mövcud şərait ilə əlaqədar diqqətli olmaq və təlimatlara riayət etmək tövsiyə edilir.

Eyni zamanda, konsulluq sahəsində çalışan əməkdaşların, habelə qəbula gələn vətəndaşlar arasında yoluxma riskinin azaldılması məqsədilə təcilli olmayan konsulluq əməliyyatlarının təxirə salındığı və vətəndaşların qəbulunun yalnız əvvəlcədən müəyyən edilmiş görüş vaxtlarında və tək-tək aparılacağı vurğulanıb.

Verilən məlumata əsasən, bu günə qədər səfirliyin akkreditə olduğu ölkələrdə yaşayan həmvətənlərimizdə yeni koronovirusa yoluxma halı müşahidə olunmayıb və bununla bağlı səfirliyə heç bir məlumat daxil olmayıb.